İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf “İranlıların milli müdafiəsinin 30-cu günü” münasibətilə yaydığı mesajda müharibənin həssas mərhələyə çatdığını bildirib və insanları küçələrdən çəkilməməyə çağırıb.
ArazNews xəbər verir ki, Qalibaf küçələrdə iştirakın düşmənə qarşı birbaşa mübarizənin tərkib hissəsi olduğunu iddia edib. O, bildirib ki, İran rejimi bu 30 gün ərzində “90 milyon nəfərlə” vahid şəkildə dayanıb və raket atışlarının davam etməsini hərbi gücün qorunduğunun göstəricisi kimi təqdim edib.
Qalibaf həmçinin ABŞ-ı quru əməliyyatı planlaşdırmaqda ittiham edib və İran qüvvələrinin ABŞ əsgərlərinin mümkün quru müdaxiləsini gözlədiyini deyib. O, Vaşinqtonun Avropanı özünə qoşa bilmədiyini və müharibənin təsirlərinin enerji bazarına qayıtdığını iddia edib.
Mesajında “müqavimət cəbhəsi”nin tərkib hissələri kimi Hizbullah, Haşdi Şaabi və husiləri qeyd edən Qalibaf bu qüvvələrin hələ də aktiv olduğunu bildirib. O, sonda tərəfdarlarını “birliyi qorumağa” və küçələri tərk etməməyə çağırıb.