Londonda 28-29 mart tarixlərində “İran Azadlıq Konqresi” adlı toplantı keçirilib. Toplantıda əsasən respublikaçı siyasi qüvvələr, vətəndaş cəmiyyəti fəalları və müxtəlif millətlərin nümayəndələri iştirak ediblər.
ArazNews xəbər verir ki, təşkilatçılar bildiriblər toplantının əsas məqsədi dialoq, siyasi yaxınlaşma və plüralizm əsasında İranın gələcəyi üçün sülh yolu ilə həll yolları axtarmaq olub.
Məlumata görə, konqresdə farsdilli və mərkəzçi baxışlı iştirakçılarla yanaşı, türk, kürd, ərəb, türkmən və bəluç təşkilatlarının nümayəndələri də iştirak edərək mövqelərini ifadə ediblər. Qeyri-fars millətlərin nümayəndələri daha çox sistemli ayrı-seçkilik məsələsinə diqqət çəkib, farsdilli iştirakçıların bir hissəsi isə ümumi plüralizm anlayışına fokuslanıb.
Toplantıda bu konqresin gələcəkdə siyasi struktura çevrilməsi planının olduğu da açıqlanıb. İştirakçılar arasında azərbaycanlı fəallar – Simin Sabri, Jale Təbrizi, Əlirza Ərdəbili, Yunis Şamli və Duman Rademəhr də yer alaraq çıxış ediblər.
Bu konqres bəzi tənqidlərlə də qarşılanıb. Saleh Kamrani və Yusif Əzizi Bəni-Tərəf çıxışçı seçimində “seçici yanaşma” olduğunu bildirərək toplantıda iştirakdan imtina etdiklərini açıqlayıblar.
Eyni zamanda monarxist çevrələr bu toplantıya mənfi reaksiya verərək onu öz siyasi mövqelərinə qarşı addım kimi qiymətləndiriblər.