Tehranda iki zidd səs: “Keyhan” qəzeti – “Düşmənin təhdidinə cavab təhdiddir, danışıqlar deyil”
İran prezidentinin ABŞ ilə şərti danışıqlara hazır olduğunu bildirməsindən dərhal sonra, hakimiyyətin sərt xətt tərəfdarlarına yaxın olan “Keyhan” qəzeti manşet yazısı ilə bu yanaşmanı faktiki olaraq hədəfə alıb.
Araz News-un məlumatına görə, “Keyhan” qəzeti bugünkü sayında “Düşmənin təhdidinə cavab təhdiddir, danışıqlar deyil” başlığı ilə çıxış edərək, təhdid mühitində istənilən dialoqu qəti şəkildə rədd edib və bunu “hesablama silsiləsində xəta” adlandırıb. Bu mövqe prezident Məsud Pezeşkiyanın son ismarıcı ilə kəskin ziddiyyət təşkil edir. Pezeşkiyan xarici işlər nazirinə təhdidlərdən və qeyri-məntiqi tələblərdən uzaq bir mühit yarandığı təqdirdə, ABŞ ilə ədalətli danışıqlar üçün zəmin hazırlamağı tapşırdığını bəyan etmişdi.
Bu hadisə İranın qərar qəbul etmə strukturundakı dərin çatları bir daha üzə çıxarıb. Belə ki, icraedici hakimiyyət “gərginliyin idarə olunması və şərti diplomatiya”dan danışdığı halda, hakimiyyətin əsas güc mərkəzlərinə bağlı media qurumları qarşıdurma məntiqindən geri çəkilməyi qətiyyətlə inkar edirlər.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu ikili mesajlar nəinki xarici tərəflərə ziddiyyətli siqnallar ötürür, həm də İranın xarici siyasətinin hələ də seçilmiş qurumlar (hökumət) ilə hesabat verməyən mərkəzlər arasındakı çəkişmələrin əsirinə çevrildiyini göstərir. Bu rəqabət böhranlı anlarda hökumətin diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Pezeşkiyan hökuməti “nəzarətli danışıqlar” yolu ilə beynəlxalq təzyiqləri idarə etməyə çalışsa da, “Keyhan”ın bugünkü manşeti son qərarın hələ də "Pastur"da (prezident iqamətgahı) deyil, təhdid məntiqini dialoqdan üstün tutan mərkəzlərdə verildiyindən xəbər verir.