Türkofobik hücumlar üçün yeni bəhanə: Hakan Fidanın "X" hesabındakı başlığına qarşı reaksiyalar

5 saat əvvəl 1 dəq oxu
Türkofobik hücumlar üçün yeni bəhanə: Hakan Fidanın "X" hesabındakı başlığına qarşı reaksiyalar


Ankaranın İran və ABŞ arasında hərbi qarşıdurmanın qarşısını almaq üçün göstərdiyi diplomatik vasitəçilik səyləri fonunda, sosial şəbəkələrin farsdilli seqmentində Türkiyəyə qarşı koordinasiyalı hücumlar dalğası başlayıb.

Araz News-un məlumatına görə, əsasən şahpərəst (səltənətçi) cərəyanlar və Rza Pəhləvi tərəfdarları tərəfindən idarə olunan bu kampaniya Türkiyənin xarici işlər naziri Hakan Fidanın "X" (keçmiş Twitter) hesabındakı profil başlığı (header) təsvirinin təhrif olunmuş şərhləri üzərində qurulub.

Hücum edənlər dünya xəritəsinin qrafik təsvirində Türkiyənin qabarıq göstərilməsini "İranın ərazi bütövlüyünə təhqir" kimi qiymətləndiriblər. Onlar daha da irəli gedərək, Türkiyənin bu təsvirlə "İranın Türkiyənin bir hissəsi olduğu" mesajını verməyə çalışdığını iddia ediblər. Lakin qrafik dizayn və vizual kommunikasiya ekspertləri bildirirlər ki, bu tip dizaynlar hesab sahibinin ölkəsini simvolik olaraq ön plana çıxarmaq üçün istifadə olunan standart texnikadır və heç bir coğrafi iddia daşımır.

Bu hücumların məzmunu göstərir ki, reaksiyalar siyasi tənqiddən çox, fars şovinizmi və Türkofobiyaya əsaslanan təhqiramiz ifadələrlə doludur. Etnik təhqirlər, Türk kimliyinin aşağılanması və Türkiyəyə qarşı saxta "ekspansionizm" (yayılmaçılıq) ittihamları bu media dalğasının əsas oxunu təşkil edir. Qeyd edək ki, bənzər cərəyanlar tərəfindən bundan əvvəl də Türkiyəyə qarşı boykot kampaniyaları təşkil edilmişdi.