çərşənbə, 18 noyabr 2026
Dünya

The New York Times: Tramp İranla danışıqların aparılması məsuliyyətini Vensdən alıb

The New York Times: Tramp İranla danışıqların aparılması məsuliyyətini Vensdən alıb

The New York Times qəzeti xəbər verib ki, ABŞ prezidenti Donald Tramp müavini Cey Di Vensin İslam Respublikası ilə müharibəyə dair mövqeyindən narazı qalıb. Məlumatlı mənbələrin sözlərinə görə, Tramp son iki həftə ərzində müşavirləri və müttəfiqləri ilə qeyri-rəsmi söhbətlərində Vensdən şikayətlənib. Onun fikrincə, Vens prezidentin İrana hücum etmək qərarının düzgün olduğunu açıq şəkildə bəyan etməli idi.

The New York Times-ın məlumatına görə, bu fikir ayrılığı noyabrın 3-də keçirilən aralıq seçkilərdə respublikaçıların ağır məğlubiyyətindən sonra kəskinləşib. Vens seçki nəticələrinə münasibət bildirərkən İranla müharibəni və onun iqtisadi fəsadlarını Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəbləri sırasında göstərmişdi. Tramp müharibənin seçki nəticələrinə təsir etdiyini qəbul etsə də, hesab edir ki, müavini eyni zamanda İrana hücum qərarının zəruri və düzgün olduğunu müdafiə etməli idi.

Məlumata əsasən, Tramp qeyri-rəsmi söhbətlərdə ABŞ dövlət katibi Marko Rubionu tərifləməyə davam edib və onu 2028-ci il prezident seçkiləri üçün diqqətəlayiq namizədlərdən biri kimi təqdim edib. Rubio Vensdən fərqli olaraq ABŞ-ın İrana hücumlarını müdafiə edib və bunu İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zəruri addım adlandırıb.

Bu fikir ayrılıqları Trampın noyabrın 12-də İranla danışıqların aparılması məsuliyyətini Vensdən alması və ona ABŞ-ın daxili məsələlərinə diqqət yetirməyi tapşırması fonunda gündəmə gəlir. 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməmək barədə hələ qərar verməyən Vens Respublikaçılar Partiyasında Trampın varisi ola biləcək əsas simalardan biri hesab olunur.

Bu xəbəri paylaşın