ABŞ, Çin və Rusiya arasında süni intellekt və nüvə silahları sahəsində rəqabətin kəskinləşdiyi bir vaxtda "The National Interest" nəşri xəbərdarlıq edib ki, hərbi ağıllı sistemlərin xətaları yanlış hesablamalara, hətta nüvə müharibəsinə gətirib çıxara bilər.
"The National Interest" nəşrinin yazdığına görə, Donald Tramp, Si Cinpin və Vladimir Putinin Çində keçirilə biləcək görüşü ərəfəsində nüvə sistemlərində süni intellektlə bağlı risklərə nəzarət üç böyük dövlət arasındakı danışıqların əsas mövzularından birinə çevrilməlidir.
Təhlildə bildirilir ki, süni intellektə əsaslanan sistemlər yanlış məlumatları və ya kiberhücumları səhvən nüvə hücumunun başlanması əlaməti kimi qəbul edə bilər. Bu sistemlər liderlərin qərar qəbul etmək üçün vaxtını azaldaraq hərbi münaqişələrin eskalasiyası riskini artıra bilər.
"The National Interest" vurğulayıb ki, ABŞ ilə Rusiya arasında imzalanmış "Yeni START" müqaviləsinin 2026-cı ilin fevralında qüvvədən düşməsi və Çinin nüvə arsenalını genişləndirməsi qlobal təhlükəsizliyin sabitliyi ilə bağlı narahatlıqları artırıb.
Təhlilin müəllifi Vaşinqton, Pekin və Moskvaya nüvə təhlükəsizliyi və süni intellekt sahəsində əməkdaşlıq üçün daimi mexanizm yaratmağı təklif edib ki, nüvə silahından istifadə ilə bağlı son qərar həmişə insanın əlində qalsın.
Nəşr xəbərdarlıq edib ki, müasir hərbi texnologiyalara nəzarət üçün ortaq qaydaların olmaması nüvə fəlakəti riskini artıra bilər.