ABŞ-ın Körfəzdəki tərəfdaşları indiyədək 1 milyard 700 milyon bareldən çox xam nefti Amerika qüvvələrinin mühafizəsi altında Hörmüz boğazından keçiriblər. ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bu rəqəmi noyabrın 14-də, şənbə günü X sosial şəbəkəsində yaydığı paylaşımda açıqlayıb.
CENTCOM eyni zamanda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının Yaxın Şərqdə region suları üzərində patrul uçuşları həyata keçirdiyini bildirib, lakin bu uçuşların dəqiq yerini və vaxtını açıqlamayıb.
Hörmüz boğazı İranın cənub sahilləri ilə Oman arasında yerləşən dar su yoludur. Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin neft ixracı bu keçid vasitəsilə həyata keçirilir və dünyada istehlak olunan neftin təxminən beşdə biri buradan keçir.