ABŞ-ın Ər-Riyaddakı səfirliyi təhlükəsizlik bildirişi yayaraq Amerika vətəndaşlarını Səudiyyə Ərəbistanında daha ayıq-sayıq olmağa çağırıb. Səfirlik 10 noyabr tarixli bildirişində İslam Respublikasının dəstəklədiyi husilərin hücum təhlükəsinin artdığını açıqlayıb. Səfirliyin sözlərinə görə, regionda amerikalı rəsmilərə qarşı addımların atılması ehtimalı da artıb və münaqişələr sürətlə digər bölgələrə yayıla bilər.
Səfirlik Səudiyyə Ərəbistanının hava limanlarına və həyati əhəmiyyətli infrastrukturuna raket və dron hücumlarını xatırladaraq yeni hücumlarla bağlı xəbərdarlıq edib. Bildirişdə hava məkanının bağlanması, uçuşların ləğvi və səfərlərdə yaranan aksaqlıqlar da qeyd olunub.
ABŞ Dövlət Departamenti bundan əvvəl Səudiyyə Ərəbistanına səfərlə bağlı xəbərdarlığı üçüncü səviyyədə, yəni «Səfəri yenidən nəzərdən keçirin» səviyyəsində müəyyən etmişdi. Vaşinqton həmçinin 23 oktyabrdan etibarən hökumətin zəruri olmayan əməkdaşlarına və onların ailələrinə Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verib.