ABŞ Ədliyyə Nazirliyi Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrforddakı bazasında terror planında iştirak etməkdə ittiham olunan üç nəfərə qarşı ittiham aktı çıxarıb. Bu ittiham aktı noyabrın 10-da, çərşənbə axşamı Məhəmməd Baqir Səəd Davud əs-Saədi, Möhsün Mühaciri və Məhəmməd Əli əl-Həsəniyə qarşı çıxarılıb. ABŞ Ədliyyə Nazirliyi onları «İranın agentləri» adlandırıb. İş ötən ay Feyrfordda baş vermiş hadisə ilə bağlıdır. ABŞ İslam Respublikası ilə müharibədə bu bazadan istifadə etmişdi.
ABŞ-ın baş prokuroru Todd Blanş xəbərdarlıq edib ki, ABŞ hökuməti amerikalı hərbçilərin yerləşdiyi bazada terror planı həyata keçirməyə hazırlaşan hər kəsi təqib edəcək. Onun sözlərinə görə, ittiham aktında təqsirləndirilən şəxslərin iki xarici terror təşkilatına dəstək verdiyi göstərilir. Bildirilir ki, əs-Saədi planı həyata keçirmək cəhdindən əvvəlki günlərdə digər iki təqsirləndirilən şəxslə əlaqəli fəaliyyət göstərib.
Britaniya rəsmiləri daha əvvəl bu hadisədə İslam Respublikasının rolu olduğunu bildirmişdilər, lakin Tehran bu ittihamları rədd edib.