Türkiyə İraqın şimalındakı Başika-Zilkan hərbi kompleksini mərhələli şəkildə Bağdad hökumətinə təhvil verməyə başlayır. Ankara və Bağdadın bazar günü, noyabrın 8-də yaydığı birgə bəyanatda bildirilir ki, bu addım iki ölkənin liderlərinin əldə etdiyi razılaşma əsasında atılır. Türkiyə bəyanatda bu prosesdə öz üzərinə düşəni yerinə yetirməyi öhdəsinə götürüb.
Tərəflər Neynəva vilayətində yezidilərin yaşadığı Sincar bölgəsində İraq dövlətinin hakimiyyətinin tam bərqərar olması üçün addımların davam etdirilməsinə dair ortaq iradələrini vurğulayıblar. Bu bölgədə PKK qüvvələrinin mövcudluğuna son qoyulması da həmin öhdəliyin bir hissəsidir.
Ankara və Bağdad həmçinin Birgə Təhlükəsizlik Koordinasiya Komitəsini fəallaşdırmaq qərarına gəliblər. Başika bazası Mosulun şimal-şərqində yerləşir və Türkiyə hərbi qüvvələrinin İraq ərazisində yerləşdiyi məntəqədir.