ABŞ dövlət katibinin köməkçisi S. Pol Kapur noyabrın 3-də Aşqabadda Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdə Türkmənistan qazının Xəzər dənizi vasitəsilə ixrac marşrutları müzakirə olunub. Beləliklə, çoxdankı Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gəlib.
Aşqabad qaz sənayesinin modernləşdirilməsi və qazın Qərbə ixracı üçün ABŞ-dan yardım istəyir. Vaşinqton da öz növbəsində Türkmənistandan qazını Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdıracaq boru kəməri ilə bağlı öhdəlik götürməsini istəyir.
Hər hansı boru kəməri çəkilməzdən əvvəl Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibində öz aralarındakı sərhədi müəyyənləşdirməlidir. Türkmənistan eyni zamanda Pakistan və Hindistana uzanan TAPI boru kəməri layihəsini də irəli aparır. Bu kəmərin Əfqanıstanın Herat şəhərinə qədər olan hissəsinin cari ilin sonunadək tamamlanması planlaşdırılır.