İranlı yüksək rütbəli rəsmi bildirib ki, Tehran atəşkəsin əldə olunması ilə bağlı Qətərdən heç bir yeni rəsmi təklif almayıb və Dohanın irəli sürdüyü ideyaları qəbuledilməz hesab edir. Rəsmi həmçinin vurğulayıb ki, İran nüvə proqramı məsələsində güzəştə getməyə hazır deyil.
"Reuters"un xəbərinə görə, iranlı rəsminin bu açıqlaması qətərli vasitəçilərin münaqişəyə son qoymaq üçün plan təqdim etdiyinə dair məlumatların yayılmasından sonra səsləndirilib. Həmin məlumatlara əsasən, təklif olunan plan 7 günlük çərçivəni nəzərdə tuturdu. Bu müddətdə Tehran və Vaşinqton mərhələli addımlar ataraq etimadın yaradılmasına və fikir ayrılıqlarının aradan qaldırılmasına çalışmalı idi.
Lakin iranlı rəsmi fərqli versiya irəli sürüb və deyib ki, Qətər atəşkəsə dair rəsmi layihə təqdim etməyib, sadəcə bir sıra qəbuledilməz təkliflər səsləndirib.