İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu (SEPAH) oktyabrın 24-ü, şənbə axşamı İraqın Kürdüstan bölgəsindəki Balisan ərazisində İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komələ silahlı qruplaşmasının bazalarından birinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
SEPAH-a yaxın "Mehr" xəbər agentliyinin məlumatına görə, hücum "qabaqlayıcı hücum tədbirləri" adlanan əməliyyat çərçivəsində həyata keçirilib. Agentlik iddia edib ki, Komələnin mövqelərinə ciddi ziyan dəyib.
Lakin "Rudaw" telekanalı Komələ rəsmilərinə istinadən xəbər verib ki, hücum saat 22:00 radələrində partlayıcı yüklü PUA ilə həyata keçirilib və yalnız maddi ziyana səbəb olub. Qruplaşma üzvlərindən heç kimin həlak olmadığını və ya yaralanmadığını açıqlayıb.
Hücum İslam Respublikasının İraq ərazisində Tehrana müxalif olan kürd silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların davamı olaraq baş verib.
Qeyd edək ki, SEPAH ABŞ, Kanada və Avropa İttifaqının terror təşkilatları siyahısına daxildir. Səudiyyə Ərəbistanı və Bəhreyn də onu terrorla bağlı siyahılara salıb. Digər tərəfdən, PKK ABŞ, Türkiyə, Kanada, Britaniya və Avropa İttifaqının terror təşkilatları siyahısındadır. PJAK da Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır, ABŞ isə ona qarşı antiterror sanksiyaları tətbiq edib. İslam Respublikası da Komələni terror təşkilatı hesab edir.