ArazNews
Ana Səhifə / İran / SEPAH PJAK-ın mövqelərinə yeni hücum edib: Tehran bu qruplaşmanın mühüm mərkəzlərindən birini məhv etdiyini iddia edir
İran

SEPAH PJAK-ın mövqelərinə yeni hücum edib: Tehran bu qruplaşmanın mühüm mərkəzlərindən birini məhv etdiyini iddia edir

SEPAH PJAK-ın mövqelərinə yeni hücum edib: Tehran bu qruplaşmanın mühüm mərkəzlərindən birini məhv etdiyini iddia edir

İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu (SEPAH) «qabaqlayıcı və qəfil» əməliyyat keçirdiyini iddia edib. Bildirilir ki, əməliyyatda PKK terror təşkilatının İran qolu olan Kürdüstan Azad Həyat Partiyasının (PJAK) qüvvələrinin toplaşdığı və təlim keçdiyi əsas mərkəzlərdən biri hədəf alınıb.

«Mehr» agentliyinin məlumatına görə, SEPAH bu mərkəzin kəşfiyyat müşahidəsi nəticəsində müəyyən edildiyini və sonra vurulduğunu açıqlayıb. Bununla belə, əməliyyatın dəqiq yeri, hücumun vaxtı, ölən və ya yaralananların sayı açıqlanmayıb.

Bu iddia son həftələrdə SEPAH ilə PJAK qüvvələri arasında Şahu yüksəkliklərində silahlı toqquşmaların şiddətləndiyi vaxta təsadüf edir. PJAK bundan əvvəl SEPAH-ın dron və artilleriya hücumlarının davam etməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Eyni zamanda, İran İslam Respublikasının Bağdaddakı səfiri İraqın kürd müxalif qruplarının qüvvələrini ölkədən çıxarmağa və ya Tehrana təhvil verməyə razılıq verdiyini iddia edib. İraq hökuməti bu iddianı təsdiqləməyib.

PJAK SEPAH-ın iddia etdiyi yeni əməliyyatla bağlı hələ açıqlama verməyib. Əməliyyatın təfərrüatları da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, SEPAH ABŞ, Kanada, Səudiyyə Ərəbistanı və Bəhreyn tərəfindən terror siyahılarına daxil edilib. PJAK isə Türkiyə tərəfindən terror qruplaşması kimi tanınır. ABŞ da PKK ilə əlaqəsinə görə bu qruplaşmaya terrorizmlə bağlı sanksiyalar tətbiq edib. PKK terror qruplaşması da ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın terror təşkilatları siyahısındadır.