ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı yeni hərbi əməliyyat ehtimalını yenidən gündəmə gətirib. O, razılaşma əldə olunmasa, Vaşinqtonun İrana qarşı yeni hücumlara başlaya biləcəyini bildirib.
Araz News-un Reuters və Associated Press agentliklərinə istinadən xəbər verdiyinə görə, Tramp Floridada respublikaçıların seçki toplantısında deyib: «Bəlkə də "Epik Qəzəb"ə bənzər daha bir kiçik əməliyyat keçirərik, ya da onlar razılaşacaqlar».
O, Kubaya işarə edərək əlavə edib: «İrandan qayıdanda Kubanın da hesabına baxacağıq».
Tramp həmçinin bildirib ki, ABŞ hərbi gəmiləri bölgədəki missiyalarını başa vurduqdan sonra Kuba sahillərinə yaxın yerdə dayana bilər. Ardınca ABŞ dövlət katibi Marko Rubio razılaşmanı yekunlaşdırmaq üçün hərəkətə keçə bilər.
Bu açıqlamalar noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi hücumların yenidən başlaması ehtimalının ABŞ mətbuatının gündəmində qaldığı bir vaxtda səsləndirilib.