Pentaqon bir neçə gün əvvəl ABŞ ordusunun Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlığı tamamlamaq barədə göstəriş verib.
Əmrdə hücumların başlanması üçün konkret vaxt müəyyən edilməyib, Donald Tramp da hələ yekun qərar qəbul etməyib. Bununla belə, əməliyyatların ABŞ-da keçiriləcək aralıq seçkilərdən əvvəl başlanması ehtimalı irəli sürülür.
Axios-un məlumatına görə, əməliyyatlar bərpa olunacağı təqdirdə İranın enerji obyektlərinin, infrastrukturunun və nüvə mərkəzlərinin geniş bombardmana məruz qalacağı, İsrail ordusunun da ABŞ ilə koordinasiyalı şəkildə əməliyyatlarda iştirak edəcəyi gözlənilir.
Genişmiqyaslı əməliyyatlara qayıdış ehtimalı Trampın milli təhlükəsizlik komandasının Kemp-Deviddə keçirilən son toplantısında müzakirə olunub.
Tramp və Benyamin Netanyahu da çərşənbə günü son bir neçə gün ərzində ikinci dəfə telefonla danışıblar.
Eyni zamanda, Tehran və Vaşinqton arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb. Qətərli vasitəçilər isə hələ də İranın ABŞ-ın nüvə güzəştləri ilə bağlı tələbləri əhatə edən əks-təklifinə cavabını gözləyirlər.
Hücumların yenidən başlanması neft qiymətlərinin artmasına səbəb olaraq ABŞ-dakı seçkilərə təsir göstərə və İranın İsrailə qarşı mümkün raket cavabı ilə müşayiət oluna bilər.
Hərbi variantla bağlı müzakirələrin artmasına baxmayaraq, onun həyata keçiriləcəyi vaxt və ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi hələ də qəti deyil.