Xərçəng xəstələrinə dəstək üzrə «Pejvak» xeyriyyə cəmiyyətinin baş direktoru Əliəkbər Xazen Şərqi Azərbaycanda müxtəlif növ xərçəng xəstəliklərinə tutulma hallarının artan tendensiyası ilə bağlı xəbərdarlıq edib.
O, bu xəstəliyin əyalət ərazisində yayılmasına toxunaraq bildirib: «Şərqi Azərbaycan müxtəlif növ xərçəng xəstəliklərinin geniş yayılması ilə üz-üzədir və hazırda əyalətin müxtəlif bölgələrində 50-dən çox xərçəng növü müşahidə olunur».
Xazen bu xəstəliyə tutulma ilə bağlı statistikanın narahatedici və sarsıdıcı olduğunu bildirərək əlavə edib: «Xəstələrin sayının artması məsul qurumların profilaktika, erkən diaqnostika və xəstələrə dəstək sahəsinə ciddi diqqət yetirməsi zərurətini ikiqat artırıb».
«Pejvak» xeyriyyə cəmiyyətinin baş direktoru həmçinin risk amilləri barədə ictimai məlumatlılığın artırılmasının və dövri skrininqlərin aparılmasının vacibliyini vurğulayıb, əyalətdə xərçəngə tutulma hallarının artan tendensiyası ilə mübarizə üçün aidiyyəti qurumları geniş əməkdaşlığa çağırıb.