Kolumbiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ölkə sentyabrın 19-dan etibarən İran İslam Respublikası ilə diplomatik əlaqələrini kəsib. Bu qərar sentyabrın 24-də, cümə axşamı rəsmi şəkildə elan olunub. Bununla belə, iki ölkə arasında konsulluq əlaqələri saxlanılacaq.
Kolumbiya Xarici İşlər Nazirliyi İran hakimiyyətinin beynəlxalq terror qruplaşmaları və narkotik qaçaqmalçılığı ilə bağlı silahlı qruplarla əlaqələrini bu qərarın səbəbləri sırasında göstərib və həmin əlaqələri ölkənin təhlükəsizliyi üçün təhdid kimi dəyərləndirib.
Nazirlik həmçinin İranda insan haqlarının pozulmasını, Yaxın Şərq münaqişəsindən kənarda olan ölkələrə hücumları, Hörmüz boğazının bağlanmasını və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət fəaliyyətinə maneçilik törədilməsini əlaqələrin kəsilməsinin digər səbəbləri kimi sadalayıb. Nazirlik vurğulayıb ki, bu addımlar Boqotanın İran rejiminə olan etimadını tamamilə sarsıdıb.