İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını ala bildiyini və bu ölkənin nüvə obyektlərini hədəfə aldığını iddia edib.
Netanyahu keçmiş illərdə BMT-dəki çıxışlarına işarə edərək deyib: «Mən bu tribunada dayanıb qırmızı xətt çəkdim. Qatil İran diktaturasının atom bombası əldə etməsinin qarşısını alacağıma and içdim; məqsədi İsraili məhv etmək olan və bütün dünyanı təhdid edə biləcək nüvə silahlarının».
O əlavə edib: «Və məhz bunu etdik. İranın nüvə obyektlərini məhv etmək çətin iş idi; həqiqətən çox çətin idi. Amma mənim üçün bu, baş nazir olduğum dövrdə qəbul etməli olduğum ən asan qərarlardan biri idi».
İsrailin baş naziri həmçinin bəzi ölkələrin və beynəlxalq aktorların İsrailin İranın nüvə proqramına qarşı addımlarını qeyri-rəsmi şəkildə dəstəklədiyini iddia edib. O bildirib: «Gizlində İranın nüvə silahlarını məhv etdiyimizə görə bizə təşəkkür edirlər».
Netanyahu çıxışının başqa bir hissəsində İsrailin «İranın təhlükəsizlik təhdidlərinə» qarşı siyasətini davam etdirəcəyini vurğulayıb.