Donald Trampın Rusiya və Ukraynanın hücumları dayandırmaq barədə razılığa gəldiyini açıqlamasından cəmi bir gün sonra, tərəflər yenidən bir-birinin enerji infrastrukturunu hədəf alıb.
Reuters agentliyinin məlumatına görə, Rusiya çərşənbə axşamı sübh saatlarında Kiyevə və Ukraynanın digər regionlarına təxminən 200 pilotsuz uçuş aparatı göndərib. Ukraynalı rəsmilər iki nəfərin həlak olduğunu və enerji obyektlərinə, liman qurğularına və yanacaqdoldurma məntəqələrinə ziyan dəydiyini bildirib.
Öz növbəsində, Vladimir Zelenski açıqlayıb ki, Ukrayna qüvvələri Samara vilayətindəki Sızran neft emalı zavodunu, həmçinin Taqanroq və Oreldə pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı obyektləri hədəf alıb.
Bu hücumların Trampın açıqlamasından cəmi bir gün sonra davam etməsi, qarşılıqlı hücumların dayandırılması ilə bağlı elan edilmiş razılaşmanın nə dərəcədə həyata keçiriləcəyinə dair şübhələri artırıb.