"İsrail Hayom" qəzeti xəbər verib ki, Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ-ın Mərkəzi Komandanlığı vasitəsilə dolayı yolla İsraildən kəşfiyyat yardımı istəyib ki, Bab əl-Məndəb boğazının husilər tərəfindən bağlanmasının qarşısı alınsın.
Bölgə diplomatik məsul şəxslərinə istinadən verilən bu xəbərə görə, Bin Salman oxşar müraciətləri digər Fars körfəzi ölkələrinə və Misirə də göndərib.
Səudiyyə Ərəbistanının vəliəhdi mesajlarında xəbərdarlıq edib ki, boğazın bağlanması bütün bölgəyə və dünya iqtisadiyyatına ciddi zərər vuracaq.
O, vurğulayıb ki, bu, "sadəcə Səudiyyə Ərəbistanının müharibəsi deyil, bütün dünyaya təsir edəcək bir qarşıdurmadır" və Bab əl-Məndəbin bağlanmasından yaranacaq iqtisadi zərər Hörmüz boğazının bağlanmasının zərərindən belə böyük ola bilər.