Sipah İstixbarat Təşkilatının qüvvələri şənbə axşamı, 19 şəhrivərdə (10 sentyabr), Əhvazdakı «Əbudə» kəndinə basqın edərək 6-cı sinif şagirdi, 13 yaşlı Əli Çəldavini atası Müstafa Çəldavi ilə birlikdə həbs ediblər. Karun İnsan Hüquqları Təşkilatının məlumatına görə, ən azı 12 sünni məzhəbli ərəb vətəndaş dini-əqidəvi səbəblərdən həbs olunaraq naməlum yerə aparılıb.
Bu həbslər Həmidiyyədən Əhvaza gedən yol üzərində həyata keçirilən kütləvi həbslər silsiləsinin bir hissəsidir. Həbs olunanların əksəriyyəti təhlükəsizlik qüvvələri kəndə daxil olarkən Müstafa Çəldavinin evində qonaq olub. Onlardan bir qismi Əhvazın Şeyban həbsxanasına aparılıb, qalanlarının harada saxlanıldığı barədə isə heç bir məlumat yoxdur.
Ailələr həbslərdən bir neçə gün sonra da yaxınlarının taleyi barədə heç bir məlumata malik deyillər. Karun İnsan Hüquqları Təşkilatı həbs olunanların saxlanıldığı yerin açıqlanmasını, sağlamlıqlarının təmin olunmasını, ailə üzvləri və müstəqil vəkillə görüş imkanının yaradılmasını, həmçinin 13 yaşlı uşağın dərhal azad edilməsini tələb edib.