ArazNews
Ana Səhifə / İran / Məclisin Səhiyyə Komissiyasının sədri İranda dərman çatışmazlığını təsdiqləyib
İran

Məclisin Səhiyyə Komissiyasının sədri İranda dərman çatışmazlığını təsdiqləyib

Məclisin Səhiyyə Komissiyasının sədri İranda dərman çatışmazlığını təsdiqləyib

İran rejimi məclisinin Səhiyyə və Müalicə Komissiyasının sədri Hüseynəli Şəhriyari etiraf edib ki, sanksiyalar və iqtisadi blokada ölkənin dərman bazarını çətinliyə salıb.

Şəhriyari cümə günü, 4 sentyabr tarixində «Didban-e İran» xəbər saytına açıqlama verərək bildirib: «Şübhəsiz, dərman çatışmazlığımız var və bunu inkar etmək mümkün deyil». Bununla belə, o iddia edib ki, dərman böhranı hələ kəskinləşməyib və «ciddi problem yaranmayacaq».

Xüsusi xəstələr üçün lazım olan dərmanların çatışmazlığı ilə bağlı suala cavab verərkən Şəhriyari bildirib ki, çoxsaylı dərman qrupları ölkə daxilində istehsal olunur, lakin bəzi həkimlər xəstələrə xarici nümunə əldə etməyi tövsiyə edir. O, iddia edib ki, çatışmazlıqlar xəstələrin müalicəni davam etdirə bilməyəcəyi səviyyədə deyil.

Bu açıqlamalar elə bir vaxtda səslənib ki, Şəhriyarinin özü iyul ayında dərman vəziyyətini «narahatedici», bu sahədəki problemləri isə «böhranlı» adlandırmışdı. Səhiyyə Komissiyasının mətbuat katibi də daha əvvəl İranda təxminən min adda dərmanın çatışmazlığından xəbər vermişdi.