İran prezidenti Məsud Pezeşkian televiziya müsahibəsində ölkənin iqtisadi vəziyyətinə toxunaraq bildirib ki, hökumət maliyyə və valyuta mənbələrinin çatışmazlığı ilə üzləşib və mövcud şəraitdə müharibə zamanı işini itirən bütün insanların zərərini kompensasiya etmək imkanına belə malik deyil.
Pezeşkian «pulumuz yoxdur, gəlirimiz yoxdur» sözlərini vurğulayaraq əlavə edib ki, müharibədə zədələnmiş infrastruktur hökumətə ağır xərclər yükləyib və bütün zərərçəkənlərə maliyyə dəstəyi göstərmək mümkün deyil.
O, həmçinin valyuta bazarının vəziyyəti barədə xəbərdarlıq edərək deyib ki, valyuta çatışmazlığı ölkənin əsas problemlərindən biri olaraq qalır və dolların qiyməti «bundan da xeyli yüksək gedə bilər».
İran prezidenti sözünə davam edərək sanksiyaları iqtisadi problemlərin əsas amillərindən biri adlandırıb və vurğulayıb: «Əgər sanksiyalar davam etsə, bahalıq da artacaq».
Pezeşkian çıxışının digər hissəsində hökumətin tənqidçilərinə cavab verərək bildirib ki, ölkənin icra idarəçiliyində heç bir məsuliyyəti olmayan şəxslər qeyri-praktiki təhlillər irəli sürməkdən çəkinsinlər. O əlavə edib: «Əlində atəşə toxunma imkanı olmayan insanlar öz təhlillərini cibdə saxlasınlar».
O, həmçinin ölkənin iqtisadi və idarəçilik baxımından çətin vəziyyətinə işarə edərək bildirib ki, ümumi planlar təqdim etməyə çalışmır və mövcud imkan və şəraitlə problemlərə praktiki həll yolu təklif edə bilən hər kəs lazımi səlahiyyətlərlə təmin olunacaq.
Pezeşkianın açıqlamaları İslam Respublikasının yüksək vəzifəli məmurlarının maliyyə mənbələrinin çatışmazlığı, valyuta böhranı və sanksiyaların davam etməsinin qiymət artımına təsiri barədə ən açıq mövqelərindən biri hesab olunur.