Brenda Şaffer və Svante Kornell ABŞ-ın «The Hill» qəzetində dərc olunan yazıda bildiriblər ki, Zəngəzur dəhlizinin əsas əhəmiyyəti Qərbin həssas dəniz keçidlərindən asılılığını azaltmaq üçün təhlükəsiz quru yolu yaratmaq və İran rejiminin geosiyasi təsir vasitəsini zəiflətməkdir.
Müəlliflər Hörmüz boğazı, Qırmızı dəniz və Qara dənizi enerji daşınması və dünya ticarətinin əsas darboğazları kimi təqdim edərək yazıblar ki, Hörmüzdə baş verən son böhran göstərdi ki, İran kimi aktorlar öz coğrafi üstünlüklərindən dünya iqtisadiyyatına təzyiq göstərmək üçün istifadə edə bilərlər.
Onların fikrincə, Zəngəzur dəhlizi və Orta dəhliz Avropa-Asiya arasında quru yolu təmin etməklə bu asılılığın bir hissəsini azaldır.
Yazıda həmçinin ABŞ və Avropanın son 15 ildəki enerji siyasəti tənqid olunub. Şaffer və Kornell qeyd ediblər ki, Bayden administrasiyası və Avropa Komissiyası bərpa olunan enerjiyə tam keçidin yaxınlaşdığını düşünərək Xəzər hövzəsi və Afrikada yeni neft-qaz mənbələrinin inkişafından imtina ediblər; bu səhvin nəticələri Hörmüz boğazı böhranında aşkar olub.
«The Hill»-in yazdığına görə, Orta dəhliz Xəzər hövzəsinin neft və qazından əlavə, Qərbə İran, Rusiya və Çindən keçmədən Mərkəzi Asiyaya — dünya uranının təxminən yarısını istehsal edən və nadir torpaq elementlərinin geniş ehtiyatlarına malik olan region — çıxış imkanı yaradır.
Bu baxımdan Zəngəzur dəhlizi sadəcə bir yol deyil, Qərbin rəqiblərin enerji, mineral ehtiyatlar və Avrasiya ticarət yolları üzərindəki inhisarını qırmaq strategiyasının bir hissəsidir.