Rusiya prezidenti Vladimir Putin, Ukraynanın Rusiyanın iqtisadi infrastrukturuna hücumlarını artırmasına cavab olaraq, Moskvanın da Ukraynanın "iqtisadiyyatının ən həssas sahələrini" hədəf alacağını bildirib.
Araz Newsun Reutersə istinadən verdiyi məlumata görə, Putin Kiyevin bu hücumları genişləndirməklə "Pandora qutusunu" açdığını və artıq bunun nəticələri ilə üzləşəcəyini deyib.
Ukrayna bu yay uzun mənzilli pilotsuz uçuş aparatları ilə hücumlarını Rusiyanın dərinliklərindəki hədəflərə, xüsusilə neft emalı zavodlarına qarşı əhəmiyyətli dərəcədə artırıb. Kiyev bu obyektlərin Rusiyanın hərbi iqtisadiyyatının bir hissəsi olduğunu bildirir.
Buna cavab olaraq Rusiya da Ukraynanın iqtisadi infrastrukturuna, xüsusilə Qara dəniz yolu ilə taxıl ixracatı ilə bağlı obyektlərə hücumlarını artırıb.