Sipah Ordusunun baş komandanının ali müşaviri Məhəmmədrza Nəqdi, İranda raket istehsalının davam etdiyini vurğulayaraq bildirib ki, ölkənin ballistik raketlərinin istehsal həcmi onların atılma həcmindən çoxdur və İranın raket ehtiyatları heç vaxt tükənməyəcək.
Nəqdi bir televiziya proqramında deyib: "Biz istehsal edirik və bu proses heç vaxt bitməyəcək." Onun sözlərinə görə, hazırda İranın ballistik raketlərinin istehsal tempi onların atılma tempindən yüksəkdir və bənzər vəziyyət pilotsuz uçuş aparatlarının (dron) istehsalında da mövcuddur.
O əlavə edib ki, İran yalnız mövcud ehtiyatlara arxalanmır və müdafiə avadanlığının istehsalı fasiləsiz davam edir. Nəqdi iddia edib ki, müharibə illərlə davam etsə belə, müharibənin son günündə də İranda ballistik raketlər istehsal olunub silahlı qüvvələrin ixtiyarına veriləcək.
Sipah Ordusunun baş komandanının ali müşaviri ölkənin sənaye potensialına toxunaraq bildirib ki, İranın yüzlərlə sənaye kompleksindən əlavə, təxminən 950 sənaye şəhərciyi var və ölkənin müxtəlif bölgələrində müdafiə avadanlığının istehsalı davam edir.
O sözlərinə davam edərək deyib: "Düşmən İranın raket ehtiyatlarının bir gün tükənəcəyini düşünməməlidir."