İsrail mediası xəbər verib ki, Mossadın rəhbəri Roman Qofman İran rejiminin dəyişdirilməsi üçün nəzərdə tutulan əməliyyat planının hazırlanmasında iştirak edən bu qurumun iki yüksək rütbəli məsulunu vəzifələrindən uzaqlaşdırıb.
Bu şəxslərdən biri Mossadın kəşfiyyat idarəsinin rəhbəri, digəri isə qurumun İran bölməsinin rəhbəri olub.
İsrailin 12-ci kanalının məlumatına görə, bu plan geniş etiraz dalğasının yaranması və İran rejiminin devrilməsi üçün kürd silahlı qruplarından istifadə olunmasına əsaslanıb. Planın əməliyyat hissəsinə görə, İsrailin İran-İraq sərhəd bölgələrində Sepah mövqelərinə endirəcəyi zərbələr kürd qüvvələrinin İranın şimal-qərbinə, ehtimal ki, Qərbi Azərbaycan şəhərlərinə daxil olması üçün yol açmalı idi.
Bununla belə, planın mediada ifşa olunması, Türkiyənin güclü təzyiqi və müxalifəti, habelə bəzi kürd silahlı qruplarının tərəddüdü Vaşinqtonu bu hissənin icrasından imtina etməyə vadar edib.
Hər iki məsulun vəzifədən getməsi tərəflərin razılığı ilə və Mossadın geniş miqyaslı yenidən qurulması çərçivəsində baş verib, hər ikisinin isə bu qurumda başqa vəzifələrdə fəaliyyətini davam etdirəcəyi gözlənilir.