Sepah qurumuna bağlı Fars xəbər agentliyi bildirib ki, dövlətə məxsus Sənaye və Mədən Bankı İran Milli Neft Şirkətinin hesablarını borc səbəbindən bloklayıb. Bu addım İslam Respublikasının ən mühüm iqtisadi qurumlarından birində likvidlik böhranının kəskinləşdiyindən xəbər verir.
Fars bu qərarı tənqid edərək iddia edib ki, büdcə qanununa əsasən, Milli Neft Şirkətinin borcları 1405-ci (şəmsi) ilin sonuna qədər təxirə salınıb və şirkətin geri ödəmə üçün il sonuna (esfənd ayının sonuna) qədər vaxtı var. Sənaye və Mədən Bankı və Milli Neft Şirkəti bu vaxta qədər borcun məbləği və hesabların bloklanmasının nəticələri barədə rəsmi açıqlama verməyib.
1405-ci il büdcəsinin müzakirəsi zamanı Milli Neft Şirkətinin neft-qaz sənayesinin yuxarı zəncir layihələrinin maliyyələşdirilməsi üçün Mərkəzi Bank və kommersiya banklarına olan borclarının əsas məbləği və faizinin təxirə salınması 55 milyard avro həcmində müəyyən edilmişdi.
Bu daxili böhran o zaman baş verir ki, Milli Neft Şirkəti illərdir ABŞ-ın sanksiyalarının hədəfindədir. İndi hesablarının dövlət bankı tərəfindən bloklanması İslam Respublikasının ən böyük neft şirkətinin maliyyə imkanları və idarəçiliyi barədə ciddi suallar doğurub.