Səudiyyə Ərəbistanı Krallığının məsul mənbəyi Riyadın Məsqətdə husilərlə apardığı danışıqlar barədə yayılan xəbərləri təkzib edərək, nə birbaşa, nə də vasitəçi ilə heç bir danışığın aparılmadığını vurğulayıb.
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının məsul mənbəyi bir sıra media qurumlarının, o cümlədən Bloomberg-in, Riyad ilə husilər arasında Oman Sultanlığında danışıqların keçirildiyinə dair xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib.
Həmin rəsmi şəxs Səudiyyə Ərəbistanı ilə husilər arasında nə Məsqətdə, nə də hər hansı digər vasitəçi vasitəsilə heç bir danışığın aparılmadığını vurğulayıb.
Bu təkzib elə bir vaxtda yayılır ki, bəzi Qərb medialarında Qırmızı dənizdə gərginliyin azaldılması məqsədilə gizli danışıqların aparıldığına dair məlumatlar yer alıb.
Riyad, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı son mövqelərini bir daha pisləyərək, Yəməndə sülhün yalnız zorakılığın tərk edilməsi, xarici aktyorlardan asılılığın aradan qaldırılması və Yəmən xalqının mənafelərinə üstünlük verilməsi ilə mümkün olduğunu vurğulayıb.
Bu mövqe Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin husilərin iddialarının rədd edilməsinə və dənizçilik təhlükəsizliyinə diqqət çəkilməsinə dair son rəsmi bəyanatları ilə üst-üstə düşür.