Araz News Media Qrupu:
«8 Mordad Zəncan Günü» Böyük Azərbaycan coğrafiyasında bu köklü şəhərin tarixi, mədəniyyəti və kimliyinə nəzər salmaq üçün dəyərli bir fürsətdir.
Əfşar türklərinin əsas məskunlaşma yerlərindən biri olan və yüz illərdir əfşarlar tərəfindən idarə olunan Zəncan, qədim zamanlardan bəri tarixi «Azərbaycanın Xəmsə vilayəti»nin mərkəzi olmuşdur. Bu günlərdə isə «Qızıl Azərbaycan» adı ilə tanınan bu bölgə, tarix boyu misilsiz mədəniyyəti ilə öndə olmuşdur.
Bu gün Zəncan türk dilinin ən önəmli qalalarından biri sayılır; elə bir şəhər ki mədəniyyəti, ənənələri və tarixi kimliyi, enişli-yoxuşlu yollara baxmayaraq, hələ də ucalıq və möhtəşəmliklə öz yaşamına davam edir. Bu şəhərin Azərbaycanın mədəni irsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində böyük payı olmuş; müxtəlif nəsillər öz dil və ənənələrini bölgənin tarixi kimliyinin bir parçası kimi qoruyub saxlamışlar. Bu mədəni irsin ən parlaq və önəmli təzahürlərindən biri «Zəncan Aşıq Məktəbi»dir ki, əsil və zəngin aşıqlıq sənətinin ən önəmli, gözəl və saf qollarından sayılır. Zəncan aşıq məktəbi özünəməxsus orijinal üslubu ilə yüzillər boyu Azərbaycan ellərinin tarixini, mədəniyyətini, dastanlarını, məhəbbətini və hikmətini tərənnüm etmiş; həmişəlik olaraq türk dünyasının şifahi sənətləri arasında yüksək bir mövqe qazanmışdır.
Zəncanın tarixdəki yeri də müstəsnasızdır. Bu bölgənin cənub-şərqində tarixi «Sultaniyyə» şəhəri yerləşir; Elxanlıların çiçəklənmə dövründə İslam dünyasının ən böyük siyasi, elmi və mədəni mərkəzlərindən biri olan bir şəhər. Günümüzdə UNESCO-nun Dünya İrsi siyahısında qeyd olunan «Sultaniyyə Günbəzi», o qızıl dövrün memarlıq şah əsəri kimi dünyanın ən gözəl və seçilmiş memarlıq nümunələrindən biri sayılır.
Bu torpaq həmçinin bir çox mütəfəkkir və böyük şəxsiyyətlərin doğulduğu yerdir. Onların ən seçilmiş və məşhuru böyük filosof və işraq hikmətinin qurucusu «Şeyx Şihabəddin Sührəvərdi»dir ki, onun düşüncələri İslam fəlsəfəsi və irfanına dərin təsir buraxmış; adını Şərq tarixinin ən böyük mütəfəkkirləri sırasına daxil etmişdir.
Tarixi və mədəni kökləri ilə yanaşı, Zəncan öz sənəti ilə də dünya miqyasında şöhrət qazanmışdır. Zəncanın məşhur «bıçaqçılıq sənəti» nəsildən-nəsilə keçən və bu gün Zəncan ustalarının bacarığının, zərifliyin və sənətkarlığının simvolu olan ən tanınmış əl sənətlərindən biridir. Bundan əlavə, misgərlik, çarıqçılıq və zərgərlik kimi sənətlər də bu şəhərin mədəni və iqtisadi kimliyinin bir hissəsini təşkil edir.
«Zəncan Günü» Azərbaycan tarixi və mədəniyyətinin nə qədər zəngin və dərin olduğunu yaddaşlarda bir daha canlandırır. Elə bir şəhər ki yüzillər boyu həm siyasət və mədəniyyət sahəsində, həm düşüncə və fəlsəfədə, həm də türk dili, musiqisi və sənətinin qorunmasında misilsiz rol oynamışdır. Zəncan hələ də Azərbaycanda türk mədəniyyətinin ən möhkəm qalalarından biri sayılır və onun dəyərli irsi, tarihimizə və mədəniyyətimizə könül bağlayan hər kəs üçün ortaq bir sərvətdir.
Zəncan Günü mübarək olsun