ArazNews
Ana Səhifə / İran / Məclis: Hələ rəsmi təklif təqdim edilməyib; hökumətdə benzin qiymətinin artırılması barədə şayiələr dolaşır
İran

Məclis: Hələ rəsmi təklif təqdim edilməyib; hökumətdə benzin qiymətinin artırılması barədə şayiələr dolaşır

Məclis: Hələ rəsmi təklif təqdim edilməyib; hökumətdə benzin qiymətinin artırılması barədə şayiələr dolaşır

Məclisin Enerji Komissiyasının sözçüsü Rza Səpəhvənd bildirib ki, indiyədək dövlət tərəfindən benzin qiymətinin artırılması və ya kvotanın dəyişdirilməsi ilə bağlı heç bir rəsmi təklif ya qərar Məclisə təqdim edilməyib. Bununla belə, bu məsələ üzrə hökumət daxilində və Plan-Büdcə Təşkilatında müzakirələrin aparıldığını o qeyd edib.

Səpəhvənd deyib ki, hökumət subsidiyaların hədəflənməsi qanununa, yeddinçi inkişaf proqramına və illik büdcəyə əsasən, enerji daşıyıcılarının qiymətini dəyişdirmək üçün qanuni səlahiyyətə malikdir. O əlavə edib ki, Enerji Komissiyası Neft Nazirliyinin müavinləri və Milli Neft Məhsulları Paylanması Şirkətinin rəsmiləri ilə keçirəcəyi görüşdə benzin qiymətinin artırılması ehtimalını müzakirə edəcək.

Enerji Komissiyasının sözçüsü vurğulayıb ki, mövcud şəraitdə benzin qiymətinin artırılması məqsədəuyğun deyil; belə ki, İran eyni zamanda müharibə şəraiti, ağır inflyasiya və geniş miqyaslı dolanışıq sıxıntısı ilə üzləşir. Onun sözlərinə görə, benzinin bahalaşması nəqliyyat, mallar və xidmətlər üzrə qiymətlərin yeni bir artım dalğasına səbəb ola bilər.

Məsud Pezeşkyan hökuməti daha əvvəl dəfələrlə yanacaq subsidiyasının azaldılması və benzin qiymətinin islah edilməsinin zəruriliyi barədə bəyanat verib. Bununla belə, ictimai narazılığın güclənməsi və 2019-cu il noyabr etirazlarının təkrarlanması qorxusu bu cür qərarın həyata keçirilməsinin qarşısındakı əsas maneələrdən biri olaraq qalmaqda davam edir.