İran İsrailin Livan və Qəzzada həyata keçirdiyi hücumlara etiraz olaraq ABŞ ilə mesaj mübadiləsi və dolayı danışıqlar prosesini dayandıracağını açıqlayıb.
Araz News-un xəbərinə görə, Tasnim agentliyi bu qərarın bölgədə davam edən hərbi əməliyyatlar və atəşkəsin pozulması fonunda qəbul edildiyini bildirib. Məlumata əsasən, İranın danışıqlar heyəti vasitəçilər üzərindən aparılan mesaj və mətn mübadiləsini müvəqqəti olaraq dayandıracaq.
Tasnim yazır ki, Tehran Livanın da atəşkəs razılaşmasının tərkib hissəsi olduğunu hesab edir və İsrailin bu ölkəyə qarşı əməliyyatlarını razılaşmanın pozulması kimi qiymətləndirir. İran tərəfi bu addımı bölgədə son günlər artan gərginliyə cavab olaraq izah edib.
Qeyd olunur ki, bu qərar İran və ABŞ arasında atəşkəs və nüvə proqramı ilə bağlı davam edən dolayı danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.