Azərbaycan Respublikası və İranın sərhəd qurumlarının rəhbər heyəti Güney Azərbaycanın Astara şəhərində görüşərək ortaq sərhədlərin təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə edib.
Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İran Polis Təşkilatının baş komandanının müavini Qasım Rzayi iştirak ediblər.
Tərəflər ortaq sərhəddə mövcud vəziyyət,sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri, qaçaqmalçılıq,narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Azərbaycanın azad edilmiş sərhəd ərazilərinin mühafizəsi və Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat və kommunikasiya marşrutlarının yaradılması prosesi də müzakirə olunub.