İran İslam Respublikasının məhkəmə sistemi, Amerikan və İsrailə İranın müdafiə sənayesi istehsal mərkəzləri ilə bağlı məlumat ötürməkdə ittiham olunan Müctəbi Kiyan adlı şəxsin edam edildiyini açıqlayıb.
Araz News-in Mizan agentliyinə istinadən verdiyi məlumata görə, Müctəbi Kiyan “müdafiə sənayesi mərkəzlərinin məlumatlarını göndərən şəxs” kimi təqdim olunub və Əlborz vilayətində məhkəmə prosesindən, Ali Məhkəmənin hökmü təsdiqləməsindən sonra bazar günü səhər edam edilib.
Hökumət mediası onun peşəsi, mövqeyi və ya həssas məlumatlara necə çıxış əldə etdiyi barədə detalları açıqlamayıb.
Bu edam, İranda son aylarda edam hökmlərinin, təhlükəsizlik həbslərinin və casusluqla bağlı işlərin artdığı bir dövrdə həyata keçirilib. İnsan haqları təşkilatları xəbərdarlıq edir ki, müharibə və böhran şəraitində təhlükəsizlik yönümlü məhkəmə proseslərində şəffaflıq azalır, müdafiə hüququ məhdudlaşır və ağır cəzalar çəkindirici vasitə kimi istifadə oluna bilər.