Sepah-a yaxın media: İran Hörmüzdən keçən fiber-optik kabellərə görə şirkətlərdən pul almalıdır
Sepah-a yaxın media qurumları İran rejiminin Hörmüz boğazından keçən fiber-optik rabitə kabellərindən istifadə edən beynəlxalq şirkətlərdən ödəniş tələb etməsini təklif edib.
ArazNews-un məlumatına görə, Tasnim agentliyi yazıb ki, Hörmüz boğazındakı sualtı rabitə kabelləri İran rejimi üçün yeni gəlir mənbəyinə çevrilə bilər; xüsusilə də rejimin ağır sanksiyalar və iqtisadi böhranla üzləşdiyi bir dövrdə.
Hesabatda təklif olunur ki, Körfəz üzərindən keçən kommunikasiya marşrutlarından istifadə edən xarici şirkətlər hər il İrana istifadə haqqı ödəsinlər. Tasnim həmçinin bu kabellərin təmir və texniki xidmətinin yalnız İran şirkətlərinə verilməsini istəyib.
SEPAH-a yaxın media əlavə edib ki, İran rejimi “Meta” və “Amazon” kimi böyük texnologiya şirkətlərini də bu marşrutlardan istifadə etdikləri halda İran qanunlarına əməl etməyə məcbur edə bilər.
Eyni zamanda Fars agentliyi də İran rejiminin Hörmüz boğazı, o cümlədən oradan keçən rabitə kabelləri üzərində “tam suverenlik hüququna” malik olduğunu iddia edib.
Bu təkliflər İran rejiminin ABŞ və İsraillə müharibə başladıqdan sonra Hörmüz boğazında geniş məhdudiyyətlər tətbiq etdiyi və bu strateji keçiddən siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı bir vaxtda səslənir.