Tramp: İranda 8 etirazçı qadının edamı dayandırılıb
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda edam olunması gözlənilən 8 etirazçı qadının hökmü dayandırılıb.
ArazNews-un məlumatına görə, Tramp Truth Social platformasında yazıb: “Çox yaxşı xəbərdir! Mənə bildirildi ki, bu gecə İranda edam ediləcək səkkiz etirazçı qadın artıq öldürülməyəcək.” O iddia edib ki, bu qərar onun birbaşa müraciətindən sonra verilib və İran rəsmilərinə “bu istəyi qəbul etdiklərinə görə” təşəkkür edib.
Tramp əlavə edib ki, həmin qadınlardan 4-ü azad ediləcək, digər 4 nəfər isə bir ay həbs cəzası alacaq.
Bundan əvvəl Tramp bu 8 qadının edam təhlükəsi ilə üzləşdiyini demiş və İran rəhbərliyinə onları edam etməmək çağırışı etmişdi. Onun bu açıqlamalarından dərhal sonra İran mediası belə şəxslərin mövcudluğunu təkzib etmiş və 8 qadın barədə edam hökmü iddialarını “əsassız” adlandırmışdı.
Bu açıqlamalar son aylarda, xüsusilə 2026-cı ilin yanvar etirazlarından sonra İranda repressiyaların artdığı, kütləvi həbslər və ağır hökmlər, o cümlədən edam qərarları ilə bağlı xəbərlərin yayıldığı bir dövrdə səsləndirilib.
Hüquq müdafiəçiləri və bəzi beynəlxalq qurumların məlumatlarına görə, edam təhlükəsi ilə üzləşdiyi deyilən şəxslər arasında Bita Himməti, Diana Taherabadi, Məhbubə Şəabani və Ənsiyə Nəcati kimi adlar çəkilmişdi.
Trampın bu iddiasına baxmayaraq, həmin şəxslərin vəziyyəti və azad edilənlərin kimliyi ilə bağlı hələlik rəsmi və müstəqil təsdiq yayımlanmayıb.