Tramp: İranın neftini “ələ keçirmək” və Xark adasını nəzarətə almaq variantları masadadır
ABŞ prezidenti Donald Tramp İranın neftinin ələ keçirilməsi və Xark adasının nəzarətə alınması ssenarilərindən danışıb.
ArazNews-un Financial Times-a istinadən verdiyi məlumata görə, Tramp bildirib: “Açığı, ən çox istədiyim şey İranın neftini götürməkdir” və Xark adasına nəzarətin də mümkün variantlardan biri olduğunu qeyd edib.
Məlumata əsasən, belə bir ssenarinin həyata keçirilməsi ABŞ quru qüvvələrinin bölgədə yerləşdirilməsini tələb edir. Bu çərçivədə Pentaqon artıq minlərlə hərbçi, o cümlədən dəniz piyadaları və hava-desant bölmələrini Yaxın Şərqə göndərib.
Tramp İranın Xark adasındakı müdafiə imkanlarına toxunaraq bu ərazinin “asanlıqla” ələ keçirilə biləcəyini iddia edib, lakin analitiklər bu addımı yüksək riskli və münaqişəni genişləndirə biləcək ssenari kimi qiymətləndirir.
O eyni zamanda bildirib ki, İranla vasitəçilər üzərindən aparılan dolayı danışıqlarda irəliləyiş var və razılaşma “nisbətən tez” əldə oluna bilər.
Tramp əlavə edib ki, İran bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib və bunu danışıqlarda irəliləyişin əlaməti kimi qiymətləndirib.