Tramp: İranın yeni rəhbərləri “məntiqlidir”; danışıqlarda irəliləyiş mümkündür
ABŞ prezidenti Donald Tramp mümkün razılaşma ehtimalından danışıb, eyni zamanda Pakistanın danışıqlara ev sahibliyi etməyə hazırlaşdığı bildirilir.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Tramp ABŞ ilə İran arasında həm birbaşa, həm də dolayı təmasların davam etdiyini açıqlayıb və İranın yeni rəhbərlərini “çox məntiqli” adlandırıb.
O bildirib: “Düşünürəm ki, razılaşma əldə edəcəyik, amma bunun baş verməməsi də mümkündür.”
Bu açıqlamalar Pakistanın müharibəni dayandırmaq üçün mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirdiyi vaxta təsadüf edir. Pakistanın xarici işlər naziri yaxın günlərdə “mənalı danışıqların” keçirilməsi istiqamətində səylərin davam etdiyini deyib, lakin tərəflərin rəsmi iştirakı hələ də qeyri-müəyyəndir.
Digər tərəfdən, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-ın mümkün quru əməliyyatına qarşı xəbərdarlıq edərək bildirib ki, Tehran belə bir addıma cavab verəcək və “heç bir təhqiri qəbul etməyəcək”.
Eyni zamanda bölgədə ABŞ və İsrailin hərbi mövcudluğunun artdığı qeyd olunur.