G7 ölkələrinin xarici işlər nazirləri Fransada İran müharibəsini müzakirə edəcək
İran müharibəsi və onun regional təsirləri fonunda G7 ölkələrinin xarici işlər nazirləri Fransada bir araya gəlir.
ArazNews-un Deutsche Welle-yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın xarici işlər nazirləri, həmçinin Avropa İttifaqı nümayəndələri bu həftə Fransada görüş keçirəcək.
Məlumata əsasən, İran müharibəsi Ukrayna müharibəsi və iqtisadi dalğalanmalarla yanaşı, iclasın əsas gündəm mövzularından biri olacaq. Avropalı diplomatlar bildiriblər ki, müzakirələrin mühüm istiqamətlərindən biri ABŞ-ın dəyişkən siyasəti və bəzi qərarlarda aydın strategiyanın olmamasıdır.
Eyni zamanda, Vaşinqtonun müttəfiqləri ABŞ dövlət katibi Marko Rubionun hərbi əməliyyatlar və müharibənin diplomatik yollarla bitirilməsi perspektivləri ilə bağlı izahatlarını gözləyir. Hörmüz boğazında gəmi hərəkətinə təsir edən problemlər və bunun qlobal enerji bazarına təsiri də müzakirə olunacaq əsas məsələlərdəndir.