İran müharibəsi Moskvanın xeyrinə? Rusiyanın neft gəlirləri ikiqat artdı
Yaxın Şərqdə müharibənin enerji bazarını sarsıtdığı bir vaxtda, Rusiyanın neft gəlirlərində ciddi artım qeydə alınıb.
ArazNews-un Bloomberg-ə istinadən verdiyi məlumata görə, Rusiyanın neft ixracından gündəlik gəlirləri son üç həftə ərzində iki dəfə artaraq 135 milyon dollardan 270 milyon dollara yüksəlib. Bu artım neft qiymətlərinin yüksəlməsi, sanksiya təzyiqlərinin azalması və bölgədəki böhran, o cümlədən Hörmüz boğazındakı gərginliklə əlaqələndirilir.
Məlumata əsasən, Hindistan da Rusiyadan neft alışını artırıb və bu ölkənin neftayırma zavodları aprel ayı üçün təxminən 60 milyon barel Rusiya nefti alıb. Halbuki əvvəllər sanksiyalara görə birbaşa idxaldan çəkinirdilər. Mart ayında Rusiyanın Hindistana neft ixracı təxminən 27 faiz artıb.
Eyni zamanda, ABŞ maliyyə naziri daha əvvəl sanksiyaların yumşaldılmasının Rusiyanın neft gəlirlərinə ciddi təsir göstərməyəcəyini iddia etmişdi, lakin yeni məlumatlar bazar şəraitinin Moskvanın xeyrinə dəyişdiyini göstərir.