Fransa kəşfiyyatının Yaxın Doğu və İranda geniş fəaliyyəti barədə reportaj

3 saat əvvəl 1 dəq oxu
 Fransa kəşfiyyatının Yaxın Doğu və İranda geniş fəaliyyəti barədə reportaj


ArazNews-un Euronews-a istinadən verdiyi məlumata görə, France24 kanalı Yaxın Doğuda, xüsusilə də İranda Fransa xarici kəşfiyyat xidmətinin geniş fəaliyyəti barədə reportaj yayımlayıb. Məlumata əsasən, bu ölkənin kəşfiyyat əməkdaşları bəzi hallarda İran daxilində də gizli şəkildə məlumat toplamaqla məşğul olurlar.


Reportajda qeyd olunur ki, Fransa kəşfiyyatının bəzi əməkdaşları bölgədə “humanitar fəal” və ya qeyri-siyasi peşələr adı altında fəaliyyət göstərirlər. Bəzi hallarda isə İran xaricində — xüsusilə körfez ölkələrində və ya Livanda — məlumat mənbələri müəyyən edilərək əməkdaşlığa cəlb olunur.


Fransanın keçmiş kəşfiyyat rəsmilərindən biri olan Olivier Mas bildirib ki, məlumat mənbələrinin cəlb edilməsi üçün bəzən pul təklif olunur, onların ailələrinin təhlükəsizliyinə zəmanət verilir və hətta Fransaya köçürülərək bu ölkənin vətəndaşlığının verilməsi vədi də irəli sürülür.


Hesabatda həmçinin vurğulanır ki, Fransa kəşfiyyatı insan mənbələri ilə yanaşı texniki vasitələrdən də istifadə edir. Bu çərçivədə casus peyklər vasitəsilə Yaxın Doğuda hərbi fəaliyyətlər izlənilir və hərbi bazalarla bağlı peyk görüntüləri Fransadakı analiz mərkəzlərində araşdırılır.


Bundan əlavə, “Şarl de Qoll” adlı təyyarədaşıyan gəminin də bölgədə məlumat toplama sistemlərinin bir hissəsi olduğu və inkişaf etmiş izləmə və müşahidə avadanlıqları ilə təchiz edildiyi bildirilir.