Məcid Cavadı Araz “Türkiye” qəzetinə: “Xarkın nəzarətə götürülməsi İranın neft ixracını xarici güclərin əlinə verə bilər”

1 saat əvvəl 2 dəq oxu
Məcid Cavadı Araz “Türkiye” qəzetinə: “Xarkın nəzarətə götürülməsi İranın neft ixracını xarici güclərin əlinə verə bilər”


“Türkiye” qəzetinin jurnalist Yılmaz Bilgən tərəfindən hazırlanan reportajında Basra körfezi bölgəsində son hadisələr fonunda İranın enerji ixrac marşrutları ətrafında gərginliyin artdığı və bəzi strateji nöqtələrin hədəfə alınması ehtimalı müzakirə olunur.

ArazNews-un “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda müxtəlif ekspertlərin bu prosesin mümkün nəticələri barədə qiymətləndirmələri yer alır. Bu çərçivədə Azərbaycan Milli Müqavimət Təşkilatı “Direniş”in sözçüsü Məcid Cavadı Araz qəzetə bildirib: “Mövcud hərəkətlilik ABŞ-ın Xark adasını işğal etməyə hazırlaşdığı kimi qiymətləndirilir. Xark adasının nəzarətə götürülməsi İran iqtisadiyyatı üçün çox ciddi nəticələr doğura və müharibənin gedişini radikal şəkildə dəyişdirə bilər.”


ArazNews media qrupunun rəhbəri Cavadı Araz Xark adasının əhəmiyyətinə toxunaraq əlavə edib: “Xark adasının işğalı Buşehr və Bəndər Abbas kimi mühüm limanların, yaxud körfezdəki digər strateji nöqtələrin ABŞ tərəfindən, ehtimal ki bəzi ərəb ölkələri ilə birlikdə, nəzarətə götürülməsi ilə nəticələnə bilər. Bu isə İranın neft ixracının faktiki olaraq xarici güclərin nəzarətinə keçməsi deməkdir.”


O həmçinin bildirib ki, İranın neft və qaz ehtiyatlarının böyük hissəsi ərəb əhalisinin yaşadığı Xuzistan vilayətində yerləşir. Onun sözlərinə görə, bir neçə gün əvvəl Londonda keçirilən toplantıda səkkiz ərəb təşkilatı aralarındakı ciddi fikir ayrılıqlarına baxmayaraq birlik yaratmaq qərarı verib və yaxın gələcəkdə Əhvaz bölgəsində fərqli siyasi hərəkətliliklər baş verə bilər.


Bu arada məlumatlara görə, Xark adası son günlərdə ABŞ-ın genişmiqyaslı hücumlarının hədəfi olub. Bildirilir ki, hücumlarda adadakı bəzi hərbi obyektlər vurulub, lakin neft infrastrukturu zərər görməyib. Bu vəziyyət isə ABŞ-ın adadakı enerji infrastrukturu üzərində nəzarəti ələ keçirməyi planlaşdırdığı barədə ehtimalları gücləndirib.