Rəsmi statistikaya görə, İranın 57 şəhəri su gərginliyi şəraitindədir və ölkə bəndlərinin doluluq səviyyəsi 41 faizə düşüb. Bu vəziyyət su böhranının artıq xəbərdarlıq mərhələsini keçərək struktur böhranına çevrildiyini göstərir.
Araz News-un İLNA-ya istinadən verdiyi məlumata görə, cari su ilinin 2 mart tarixinə qədər İran bəndlərində mövcud su ehtiyatı 21 milyard 140 milyon kubmetr olub və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Bəndlərə daxil olan suyun həcmi ötən illə müqayisədə 21 faiz artsa da, yüksək istehlak və su götürülməsi ehtiyatların artmasına imkan verməyib.
Ölkədə yağıntının həcmi cəmi 13 millimetr qeydə alınıb ki, bu da uzunmüddətli orta göstərici olan 137 millimetrdən kəskin azdır. Tehran isə orta göstərici ilə müqayisədə 47 faiz azalma ilə böhranın əsas mərkəzlərindən biri sayılır.
Mütəxəssislər bildirir ki, adambaşına düşən bərpa olunan su ehtiyatının 1950-ci illərdəki 6 min kubmetrdən son illərdə 1500 kubmetrdən aşağı düşməsi yanlış idarəetmə, yeraltı su ehtiyatlarının həddindən artıq istismarı və iqlim dəyişikliklərinin nəticəsidir. Bu prosesin davamı ölkənin su təhlükəsizliyi ilə yanaşı ekoloji və sosial sabitliyi üçün ciddi risk yaradır.