Çin ABŞ-nin mümkün hücumu ərəfəsində İranla hərbi və kəşfiyyat əməkdaşlığını genişləndirib

3 saat əvvəl 1 dəq oxu
Çin ABŞ-nin mümkün hücumu ərəfəsində İranla hərbi və kəşfiyyat əməkdaşlığını genişləndirib


Tehran və Vaşinqton arasında gərginliyin artdığı və ABŞ-nin İrana qarşı mümkün hərbi addımı ilə bağlı ehtimalların səsləndiyi bir vaxtda, Çin İranla hərbi, texnoloji və kəşfiyyat sahələrində əməkdaşlığı gücləndirib.

Araz News-un məlumatına görə, “National Interest” nəşrində dərc olunan təhlildə bildirilir ki, Pekin ABŞ və İsrailin artan təzyiqləri fonunda Tehranla müdafiə və texnologiya sahəsində əlaqələri genişləndirir. Məqalədə qeyd olunur ki, Çin uzunmüddətli strateji əməkdaşlıq sazişini qorumaq və Qərbi Asiyada mövqeyinin zəifləməsinin qarşısını almaq niyyətindədir.

Məlumata əsasən, İran ABŞ-nin GPS sistemindən istifadədən imtina edərək Çin peyk naviqasiya sisteminə keçib. Həmçinin Çinin İrana hava hücumundan müdafiə, radar avadanlıqları və raket sənayesində istifadə olunan bəzi materiallar ötürdüyü barədə xəbərlər yayılıb. Müxtəlif mənbələr Çin kəşfiyyat gəmilərinin Oman dənizində ABŞ hərbi hərəkətliliyini izlədiyini də bildirir.

Eyni zamanda Tehran və Vaşinqton arasında Cenevrədə nüvə danışıqları davam edir, lakin İranın raket proqramı və sanksiyaların ləğvi mexanizmi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. İranda isə sanksiyaların yaratdığı iqtisadi təzyiq və sosial narazılıqlar hökumət üçün əlavə çağırışlar yaradır.

Təhlilə görə, Çin birbaşa hərbi toqquşmaya qoşulmaq istəmir, lakin informasiya, iqtisadi və texnoloji dəstək vasitəsilə regional balansı İranın xeyrinə dəyişməyə çalışır. Analitiklər hesab edir ki, İranda mümkün rejim dəyişikliyi Çin və Rusiya üçün geniş geosiyasi nəticələr doğura və ABŞ-nin bölgədə təsirini gücləndirə bilər.