Reza Pəhləvinin etnik tələblər qarşısında təhdid və təhlükəsizlik ritorikası

7 saat əvvəl 2 dəq oxu
Reza Pəhləvinin etnik tələblər qarşısında təhdid və təhlükəsizlik ritorikası


İranın devrilmiş şahının oğlu Rza Pəhləvi sosial media platforması X-də paylaşdığı mesajda İranda yaşayan millətlərin bərabər hüquqlar və öz müqəddəratını təyinetmə tələblərinə münasibət bildirib.


Araz News-un məlumatına görə, Rza Pəhləvi paylaşımında son günlər müxtəlif etnik siyasi qurumların muxtariyyət və öz müqəddəratını təyinetmə ilə bağlı mövqelərinə işarə edərək yazıb: “Son günlər bəzi separatçı qruplar – bəzilərinin keçmişində həm Xomeyni, həm də Səddamla əməkdaşlıq görünür – İranın ərazi bütövlüyü və milli birliyi barədə əsassız iddialar səsləndirirlər. Dəfələrlə vurğuladığım kimi, İranın ərazi bütövlüyünün qorunması dəyişməz prinsipdir və bu mövzuda nə danışıqlar aparacağıq, nə də geri addım atacağıq.”

O əlavə edib: “İranın ərazi bütövlüyü böyük və vahid millətimizin qırmızı xəttidir. Bu xətti keçən və ya keçənlərlə əməkdaşlıq edən hər kəs İran xalqının qəti cavabı ilə üzləşəcək.”


İstifadə olunan bu ritorika bir daha göstərir ki, təhlükəsizlikçi və mərkəzçi yanaşma uzun illərdir İranda etnik və dil hüquqları ilə bağlı tələbləri dialoq və struktur islahatları çərçivəsində deyil, “separatçılıq” etiketi altında təqdim edir.


Aydındır ki, “bərabər hüquqlar”la “separatçılıq” arasında eyniləşdirmə aparmaq hakimiyyət bölgüsü, mərkəzsizləşmə, ana dilində təhsil və yerli özünüidarə kimi məsələləri əvvəlcədən qeyri-legitim kimi göstərir.


Qeyd etmək lazımdır ki, siyasi tələblərin irəli sürülməsinə qarşı “qəti cavab” kimi dolayı təhdid ritorikası demokratik keçid və xalqın iradəsinə əsaslanan sistem qurmaq iddiası ilə ziddiyyət təşkil edir.