Fars Xəbər Agentliyi: İsraillə əməkdaşlıq Azərbaycanı Tehranın atəş xəttinə salır

2 saat əvvəl 2 dəq oxu
Fars Xəbər Agentliyi: İsraillə əməkdaşlıq Azərbaycanı Tehranın atəş xəttinə salır


İranın İnqilab Keşikçiləri (Sepah) ilə əlaqəli media qurumu olan Fars Xəbər Agentliyi “İranın neft kartları və ABŞ-la müharibə tənliyi” başlıqlı məqaləsində açıq şəki Azərbaycan Respublikası və Türkiyəni hədələyib və xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrana hücumu baş verərsə, bu ölkələr Tehranın legitim hədəflərinə çevrilə bilər.


Araz News-un məlumatına görə, yazıda bu ssenari “Qərbi Asiyada Vaşinqtonun bütün müttəfiqlərinə müharibə alovunun yayılması” kimi təsvir edilir və qeyd olunur ki, İsrail Azərbaycan neftindən asılılığını misilsiz dərəcədə artıraraq Bakını enerji təminatında əsas tərəfdaşlarından birinə çevirib. Müəllifin fikrincə, bu addım Azərbaycan üçün təkcə iqtisadi risk deyil, həm də “strateji hesablamada ciddi səhvdir”.


Fars, “İranın qabaqlayıcı müdafiəsi” adlandırdığı yanaşmaya istinad edərək yazır ki, Tehranın yeni strategiyası regional miqyasda qabaqlayıcı müdafiəyə əsaslanır. Bu, hər hansı hücum halında, İrana qarşı əməliyyatlar üçün ərazisi və ya hava məkanı istifadə edilən ölkələrin hərbi bazalarının, həyati obyektlərinin və maraqlarının hədəfə alınacağı anlamına gəlir.


Məqalənin digər hissəsində bildirilir ki, Azərbaycan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Türkiyəyə daşınması və oradan İsrail limanlarına çatdırılması bu ölkəni “İranın hədəf xəttinin ön cəbhəsinə” çıxarır.


Bu media orqanı həmçinin iddia edir ki, İsrail Hərbi Hava Qüvvələrinin İran sərhədlərinə yaxın ərazilərdə yerləşən bazalara çıxışı — istər “kəşfiyyat və müşahidə əməliyyatları”, istərsə də mümkün hücum ssenariləri üçün — Azərbaycanın İran tərəfindən hədəfə çevrilməsinə səbəb ola biləcək digər amillərdəndir.


Fars bu mövqeləri “Tehranın Bakı, Ankara və regionun digər paytaxtlarına mesajı” çərçivəsində şərh edir və vurğulayır ki, hər hansı hücum baş verərsə, “əsas icraçı” ilə “regional asanlaşdırıcılar” arasında fərq qoyulmayacaq və qırmızı xətlərin aşılması ağır nəticələr doğuracaq.


Yazının sonunda açıq şəkildə bildirilir ki, “qırmızı xətt çəkilib” və onun keçilməsi Azərbaycanı birbaşa “Tehranın atəş meydanına” salacaq.