Bəsic və İran İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığı (FARACA) kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirmək və «təhdid və zərər amilləri»nə qarşı birgə mübarizə aparmaq üçün anlaşma memorandumu imzalayıb. Bəsic Təşkilatının rəhbəri Hüseyn Taib bazar günü, 8 azər (29 noyabr) tarixində bu razılaşma barədə məlumat verib. İki qurumun qarşı tədbir görəcəyi şəxsləri «təhdid və zərər amilləri» adlandıran da elə Taibin özü olub.
Bəsic rəhbərinin sözlərinə görə, «kəşfiyyat nəzarəti»nin artırılması və profilaktik tədbirlərin gücləndirilməsi bu memorandumun əsas istiqamətləridir. O əlavə edib ki, sənəddə profilaktika sahəsində əməkdaşlıq mexanizmləri ilə yanaşı, Bəsic və FARACA-nın bu şəxslərə qarşı tədbir görərkən fəaliyyətlərini necə əlaqələndirəcəyi də müəyyənləşdirilib.
Taib bundan əvvəl, 2009-cu ildən 2022-ci ilədək İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatına rəhbərlik edib.