bazar ertəsi, 30 noyabr 2026
İran

İranın qış mövsümündə qaz kəsiri ən azı 40 faizə qədər artıb

İranın qış mövsümündə qaz kəsiri ən azı 40 faizə qədər artıb

Hərbi hücumlarda qaz hasilatı və emalı obyektlərinin zərər görməsi nəticəsində İranın qarşıdakı qış mövsümündə qaz kəsiri ən azı 40 faiz artacaq.

İran Open Data-nın məlumatına görə, İsrailin 18 martda Əsəluyədəki qaz obyektlərinə və Cənubi Pars yatağına endirdiyi zərbələr İranın gündəlik qaz hasilatı gücünü təxminən 130 milyon kubmetr azaldıb. Bu həcm ölkənin ötən qış ərzindəki orta qaz hasilatının təxminən 16 faizinə bərabərdir.

İran Milli Qaz Şirkətinin statistikasına əsasən, 24 noyabrda ölkədə qaz hasilatı və təchizatı gündəlik təxminən 696 milyon kubmetrə düşüb. Halbuki ötən ilin payızında orta gündəlik hasilat 794 milyon kubmetr, həmin ilin qışında isə 838 milyon kubmetr olub. Beləliklə, qaz təchizatı ötən qışın orta göstəricisi ilə müqayisədə təxminən 17 faiz azalıb.

Hasilatdakı bu azalma soyuq mövsümdə qaz istehlakının xeyli artdığı bir vaxtda baş verir. İranda məişət sektorunun gündəlik qaz istehlakı yayda təxminən 53 milyon kubmetr olduğu halda, ötən qış 323 milyon kubmetrə çatıb. İki il əvvəlki qışda isə bu sektorun istehlakı gündəlik təxminən 350 milyon kubmetr olub.

Son illərdə məişət istehlakının artması hökuməti ev təsərrüfatlarına lazım olan qazı təmin etmək üçün sənaye müəssisələrinin, elektrik stansiyalarının və neft-kimya komplekslərinin istehlakını məhdudlaşdırmağa məcbur edib. Hesabatın məlumatlarına görə, son iki qışda bu sektorların qaz istehlakına tətbiq edilən məhdudiyyət yay səviyyəsi ilə müqayisədə orta hesabla təxminən 43 faiz olub. Bu da gündəlik təxminən 220 milyon kubmetr məhdudiyyət deməkdir.

Bu xəbəri paylaşın