bazar ertəsi, 23 noyabr 2026
Xəbər

İlk dəfə acı gələn qəhvə niyə sonradan xoşa gəlir?

İlk dəfə acı gələn qəhvə niyə sonradan xoşa gəlir?

Qəhvənin ilk qurtumu insanların çoxu üçün acı və kəskin olur, lakin onların bir çoxu illər sonra məhz bu daddan zövq alır. «Nature» jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu zövq dəyişikliyinin bir hissəsi bağırsaqla bağlıdır. Şəkər və ya yağ bağırsağa çatanda onun sensorları beyinə siqnal göndərir və mükafat hissi ilə əlaqəli olan dopaminin ikinci, daha yavaş dalğası başlayır. Məhz bu yavaş dalğa bizə hansı qidalara üstünlük verməli olduğumuzu öyrədir.

Əvvəllər müəyyən edilmişdi ki, beyin dadlı qidanı görəndə və ya iyləyəndə saniyənin kiçik bir hissəsində dopamin ifraz edir. Lakin bağırsaqdan gələn siqnal ayrıca yolla ötürülür və amigdalada dopamin səviyyəsini təxminən 9 dəqiqə yüksək saxlayır. Amigdala beynin emosional xatirələrlə bağlı olan hissəsidir.

Araşdırma zamanı siçanlar müxtəlif dadlı içkilər içib, tədqiqatçılar isə eyni vaxtda şəkərli suyu ağızlarından keçirmədən birbaşa onların mədəsinə yeridiblər. Altı gün ərzində siçanların seçimində şəkərlə birgə verilən dadın payı 35 faizdən 81 faizə yüksəlib. Tədqiqatçılar bu yavaş siqnalın qarşısını alanda siçanlar əvvəlki kimi normal qidalanıb, lakin hansı dadın kaloriyə işarə etdiyini heç vaxt anlamayıblar. Əksinə, bu siqnal süni yolla aktivləşdiriləndə siçanlarda heç bir kalorisi olmayan dada maraq yaranıb.

Milkşeyk içən insanların beyninin görüntülənməsi göstərib ki, eyni nahiyə insanlarda da aktivləşir. Bu siqnal həm siçanlarda, həm də insanlarda beynin sol yarımkürəsində daha güclü olub. Bu, tədqiqatçıları təəccübləndirib, çünki qidalanmanın əsas funksiyaları adətən beynin hər iki yarımkürəsində eyni dərəcədə həyata keçirilir.

Araşdırmanın rəhbərinin sözlərinə görə, qəhvəyə marağı da eyni mexanizmlə izah etmək olar: beyin qəhvənin dadını kofeinin yaratdığı gümrahlıqla əlaqələndirdikdə qəhvə tədricən daha dadlı görünməyə başlayır. Tədqiqatçılar həmçinin ehtimal edirlər ki, «Ozempik» kimi arıqlama dərmanları bu öyrənmə prosesini zəiflədə və zaman keçdikcə yemək yeməkdən alınan həzzi azalda bilər. Lakin bu fərziyyə hələ sınaqdan keçirilməyib.

Bu xəbəri paylaşın